Fərhad Ağayev: Sağlam Damar
Ak. Həsən Əliyev küç., 15
Bakı, Azərbaycan

Damar ulduzlarının skleroterapiyası



Ultrasəs nəzarəti və sklerozantın mikroköpüklü formasının istifadəsi (foam-form) iri venoz seqmentlərinin obliterasiyasına və patogenetik əhəmiyyətli qan reflükslərinin aradan qaldırılmasına imkan verir. Bunun sayəsində fleboskleroobliterasiya varikoz xəstəliyinin ilkin formalarının müalicəsində tətbiq edilən radikal əməliyyatsız metodlarının cərgəsində durur.


Kompression mikroskleroterapiya damar ulduzlarının (teleangiektasiyaların) və aşağı ətrafların retikulyar venalarının (X3B 1 sinif) əsas müalicə metodu olaraq pasiyentin istəyi ilə estetik səbəblərə görə aparılır.


Damar ulduzları dərinin üz damarlarının 0,1-1.5 mm diametrində lokal genişlənməsidir ki, mərkəzi qidalandırıcı venadan mərkəzdənqaçan istiqamətdə əmələ gəlir. Onlar dərinin üzərində yerləşən qırmızı və ya göyümtül (onlara basdıqda bir qədər ağarır) ləkə kimi görünür ki, həmin ləkələrdən ətrafa şüa kimi nazik damar şaxələri yayılır (damar “ulduzları” və ya “hörümçəyi”).


Retikulyar venalar dərinin içindən keçən damarların 2-3 mm diametrində lokal genişlənməsidir. Onlar müxtəlif formada olur – xətti, şaxəli, ulduzvari, tor şəkilli və s. Damar ulduzlarının yaranması səbəbi hələ də axıra qədər öyrənilməyib. Irsi meylilik, qadın hormonlarının disbalansı, ayağa şaquli vəziyyətdə düşən uzunmüddətli gərginlik, hamiləlik, doğuş və s. səbəblər dəridəki damarların genişlənməsinə səbəb ola bilər. Bəzən damar ulduzları uzun müddət hormonal kontraseptivlərin qəbulu nəticəsində də yarana bilər. Damar ulduzları və retikulyar venalar venaların xroniki xəstəliklərinin 1-ci sinfinə aid olaraq, ayrıca xəstəlik sayılır və bunun varikoz xəstəliyi ilə eyni səbəb və faktorları var. Adətən ortayaşlı qadınlarda müşahidə edilərək sadəcə kosmetik defekt kimi qəbul edilir və ağırlaşmalarla nəticələnmir.


Mikroskleroterapiya proseduru, demək olar ki, tam ağrısızdır, burada yalnız fleboloq-həkimin məharəti tələb olunur. Prosedur zamanı bilavasitə damar ulduzlarına (teleangiektazlara) və retikulyar venalara skleopreparatın çoxsaylı mikroinyeksuyaları vurulur. Həmin məqsədlə xüsusi kiçik şpris və çox nazik iynələrdən (0.3 mm diametrində!) istifadə olunur. Preparat damar ulduzunun aralıqlarına yeridildikdən sonra spesifik reaksiya yaranır – damarlar qızarır və bir qədər şişir. Problemin həllində ən əsas şərt – inyeksiyaların dəqiqliyi, skleropreparatın konsentrasiyası və miqdarının düzgün seçilməsidir. Retikulyar venaların mikroskleroterapiyası həm klassik variantda – yəni maye preparatlarından istifadə ilə, həm müasir variantda – köpüklü sklerozantla (foam form skleroterapiya) aparıla bilər ki, bu üsulla daha mükəmməl effektə nail olmaq mümkündür. Adətən bir seansa 5-10 inyeksiya edilir, punksiyaların yeri steril salfetlərlə örtülərək trikotaj və ya bintlə kompressiya olunur. Seansdan sonra 2-3 gün ərzində elastik kompressiya tövsiyyə edilir. Kosmetik effekt 3-6 həftədən sonra özünü biruzə verir. Əksər hallarda mikroskleroterapiyanın tətbiqi nəticəsində venoz toru tam şəkildə yoxa çıxır. Ulduzların qalıq elementləri asanlıqla kosmetoloji klinikalarda lazerlə aradan qaldırıla bilər



Əvvəl və Sonra
Fotoqalereya